BAKI, 21 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Macarıstan ilə energetika sahəsində strateji əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə Budapeştdə keçirilən Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) iştirakçılarına ünvanladığı videomüraciətində bildirib.
D.Tramp çıxışında iki ölkə arasındakı gələcək tərəfdaşlığın prioritetlərini açıqlayıb:
"Biz energetika sahəsində birgə və son dərəcə intensiv şəkildə çalışmağı planlaşdırırıq".
Prezident həmçinin macarları miqrasiya məsələsində qətiyyətli olmağa çağıraraq, Avropanın bu məsələdə artıq hərəkətə keçməsinin vaxtı çatdığını vurğulayıb. Onun fikrincə, ABŞ və Macarıstan öz vətəndaşlarını qoruyan, gələcək nəsillər üçün şəraiti yaxşılaşdıran "yenilənmiş Qərb"ə doğru yol göstərirlər.
Xəbər verildiyi kimi, cari ilin fevral ayında Macarıstan və ABŞ arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb. Memoranduma əsasən Macarıstan "Paks" AES üçün Rusiyadan alınan yanacaqla yanaşı, Amerikanın "Westinghouse" şirkətindən də nüvə yanacağı alacaq. Müqavilənin ümumi dəyəri təxminən 114 milyon dollar təşkil edir. ABŞ-dan yanacaq tədarükünün 3-4 ildən sonra başlayacağı gözlənilir.