BAKI, 20 mart. TELEQRAF
Donetsk vilayətində hərbi əməliyyatlar intensivləşib. Rusiya ordusu bölgənin üç yaşayış məntəqəsi istiqamətində irəliləyiş əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" monitorinq kanalı məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri Riznikivka yaşayış məntəqəsində, həmçinin Pokrovsk və Novomarkovo yaxınlığında irəliləyərək yeni mövqelər tutublar. Hazırda həmin istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilir.
Məlumata görə, 2026-cı ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələri zərbə taktikasını dəyişib. Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri qeyd edirlər ki, Ukrayna bölmələri artıq canlı qüvvədən çox, Rusiya ordusunun logistikasına, artilleriya sistemlərinə və PUA operatorlarına üstünlük verirlər.
"Ukrayna PUA-ları yaxın arxa cəbhədəki hədəfləri sistemli şəkildə məhv edir ki, bu da Rusiya tərəfinin hücum imkanlarını məhdudlaşdırır".
Martın 17-nə olan məlumata görə, Liman istiqamətində fəaliyyət göstərən Ukrayna bölmələri rabitə antenalarına və təchizat xətlərinə endirilən zərbələrin qarşı tərəfin koordinasiyasını pozduğunu bildiriblər. Ekspertlərin fikrincə, bu kampaniya Rusiya ordusunun 2026-cı ilin yaz-yay mövsümü üçün planlaşdırdığı genişmiqyaslı hücum hazırlıqlarına ciddi maneə törədir.