BAKI, 20 mart. TELEQRAF

Çexiyada İsrailin hərbi sənaye nəhəngi "Elbit Systems" ilə əlaqəli olan silah zavodu yandırılıb.

Teleqraf xəbər verir ki, Çexiya hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı təhqiqata başlayıb.

Polis rəsmiləri hadisənin qəsdən törədildiyini və "mümkün terror əlaqəsi" versiyasının araşdırıldığını bildiriblər. Məlumata görə, sübh tezdən baş verən hücum nəticəsində Çexiya şirkəti və "Elbit Systems"in birgə fəaliyyət göstərdiyi ərazidəki bir neçə bina tamamilə məhv edilib.

Özünü "Zəlzələ fraksiyası" adlandıran qrup "Telegram" kanalı vasitəsilə bəyanat yayaraq yanğına görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, "Elbit Systems" İsrail ordusunun Qəzza və İranda apardığı hərbi əməliyyatlarda istifadə edilən əsas quru və hava silahlarının tədarükçüsüdür. Şirkət İsrailin ən böyük hərbi podratçılarından biri hesab olunur.