BAKI, 20 mart. TELEQRAF

Şotlandiya polisi Böyük Britaniyanın nüvə sualtı qayıqlarının bazasına daxil olmağa cəhd göstərən iki nəfəri həbs edib.

Teleqraf xəbər verir ki, hadisə ölkənin qərb sahilində yerləşən strateji hərbi obyektdə baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslər 34 yaşlı kişi və 31 yaşlı qadındır. Polis hələlik onların milliyyəti və məqsədləri barədə rəsmi şərh verməkdən imtina edib. Faktla bağlı araşdırmanın davam etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən hərbi baza Böyük Britaniya üçün kritik əhəmiyyət kəsb edir. Belə ki, Şotlandiyanın qərb sahilindəki bu obyekt krallığın nüvə silahı ilə təchiz edilmiş sualtı qayıq donanmasının əsas mərkəzidir. Məhz bu səbəbdən bazanın ərazisinə kənar şəxslərin girişi qəti qadağandır və ərazi yüksək səviyyədə mühafizə olunur.

Hadisənin təfərrüatları və saxlanılan şəxslərin hər hansı kəşfiyyat şəbəkəsi ilə əlaqəsinin olub-olmaması araşdırılır.