BAKI, 20 mart. TELEQRAF
Avropa Komissiyası Kiyevə 90 milyard avro məbləğində hərbi yardımın ayrılmasına mane olduğu üçün Macarıstana qarşı sərt cəza tədbirləri hazırlayır. Brüssel Budapeştin maliyyələşməsini dondura, ölkəni məhkəməyə verə və Aİ Şurasında səsvermə hüququndan məhrum edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri keçirilən Aİ sammitinin yekunlarına istinadən məlumat yayıb.
Məlumata görə, bir çox Avropa liderləri Baş nazir Viktor Orbanın partiyasının 12 aprel parlament seçkilərində yenidən qalib gələcəyini ehtimal edirlər. Hesab olunur ki, əgər "Dostluq" (Drujba) boru kəməri ilə neft nəqli bərpa olunarsa, Orban daha güzəştli mövqe nümayiş etdirə bilər.
Lakin qarşılıqlı razılıq əldə olunmazsa, Avropa Komissiyası 23-24 aprel tarixlərində Kiprdə keçiriləcək Aİ sammitinə qədər Macarıstana qarşı "ciddi cəzalar" tətbiq etməyi planlaşdırır. Buraya Aİ haqqında müqavilənin ölkəni səsvermə hüququndan məhrum etməyə imkan verən 7-ci maddəsinin tətbiqi də daxildir.
Xatırladaq ki, martın 19-da Macarıstan və Slovakiya Ukraynaya 90 milyard avronun ayrılması və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənməsi barədə qərarı bloklayıblar. Sammitin yekun bəyanatında bildirilib ki, Aİ bu müzakirələrə növbəti görüşdə qayıdacaq.
Viktor Orban dəfələrlə vurğulayıb ki, Ukrayna "Dostluq" kəməri vasitəsilə Rusiya neftinin tranzitini bərpa etməyənə qədər Budapeşt Kiyevə kredit ayrılmasına icazə verməyəcək. Ukrayna yanvarın 27-də boru kəmərinin zədələndiyini iddia edərək tranziti dayandırsa da, Macarıstan tərəfi kəmərin işlək vəziyyətdə olduğunu və Kiyevin bu addımı sırf siyasi səbəblərdən atdığını bildirir.