BAKI, 17 mart. TELEQRAF

“Avropa İttifaqı (Aİ) gələcəkdə Ukraynada təhlükəsizlik və sülh məsələləri üzrə Rusiya ilə danışıqlar aparmalı ola bilər, amma hələlik bunun vaxtı çatmayıb, indi əsas məsələ Moskvaya təzyiqi davam etdirməkdir”.

Teleqraf xəbər verir ki, bu sözləri Avropa Şurasının prezidenti Antonio Koşta deyib.

“Hazırda Prezident Trampın rəhbərlik etdiyi, Ukraynada ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş səylərin pozulmasının qarşısını almalıyıq”, - o, Belçika Baş naziri Bart De Veverin ucuz enerji resurslarına çıxış üçün Moskva ilə əlaqələrin normallaşdırılması çağırışına münasibət bildirərkən qeyd edib.

Koştanın sözlərinə görə, Aİ-nin 27 üzvü ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi danışıqların nəticə verməyəcəyi halda hazır olmalıdır:

“Hazırda bizim əsas töhfəmiz Rusiyaya iqtisadi təzyiqi artırmaq və Ukraynaya hərtərəfli dəstəyi davam etdirməkdir. Amma elə bir vaxt gələ bilər ki, Prezident Trampın səylərini əvəz edək və Ukraynada ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün öz təşəbbüslərimizi irəli sürək”.

Avropa Şurasının prezidenti əlavə edib ki, Aİ-nin Brüsseldə keçiriləcək sammitində De Veverin təklifi müzakirə olunmayacaq:

“Avropa İttifaqının strategiyası aydındır: Rusiyanın enerji resurslarından ayrılmaq. Söhbət Rusiya ilə enerji qiymətləri üzrə danışıqlardan getmir”.