BAKI, 17 mart. TELEQRAF

Rusiya-Ukrayna müharibəsində sülh yolu ilə həll perspektivləri mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsində sülh yolu ilə həll perspektivləri var. Ukrayna sülh istəyir, Prezident Tramp sülh istəyir, demək ki, bu məsələdə müttəfiqik və buna şübhə etməyə dəyməz. Bu məqsədə çatmaq lazımdır”, - o qeyd edib.

Volodimir Zelenski vurğulayıb ki, Ukrayna sülhü Rusiya Prezidenti Vladimir Putindən də çox istəyir:

“Putin elə görünməyə çalışır ki, guya o, sülh istəyir, Ukrayna isə yox. ABŞ-yə belə siqnallar göndərir. Bu, doğru deyil, manipulyasiyadır. Amerikanın bizə inanmasını çox istəyirəm, çünki biz onların tərəfdaşlarıyıq. Hətta Yaxın Şərqdə köməyə ehtiyac olanda dərhal sorğuya cavab verdik. Bu da tərəfdaşlığın göstəricisidir”.

Ukrayna dövlət başçısı deyib ki, hər gün sülh sazişi üçün variantlar axtarılmalıdır. Onun sözlərinə görə, bunun üçün amerikalılarla görüşmək lazımdır: “Bizdə müharibəni sona çatdırmaq üçün bir neçə əlavə ideya var”.