BAKI, 17 mart. TELEQRAF

“Ukraynada Rusiyanın qarşısını almaq bir çox müharibələrin qarşısını alacaq, çünki Moskvanın maraqları Avropadan Yaxın Şərqə qədər uzanır”

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Dəfələrlə izah etməyə çalışmışam ki, Rusiya dörd il davam edən genişmiqyaslı işğal zamanı döyüş meydanı, yeni texnologiyalar, uzunmüddətli quru müharibəsi və hərbi-sənaye bazası baxımından ciddi təcrübə qazanıb”, - o bildirib.

Zelenski vurğulayıb ki, bu amil müxtəlif regionlara - Afrika, Yaxın Şərq, Avropa və digər bölgələrə təsir göstərir:

“Rusiyanın Yaxın Şərqdə də maraqları var, Suriya keçmiş rejiminin müttəfiqi olub, İranın hazırkı rejiminin müttəfiqidir. Həmçinin, o, Şimali Koreya ilə müttəfiqdir. Rusiyanın Avropada da maraqları var, xüsusilə Avropa İttifaqının birliyini sarsıtmağa çalışır.

İndi görürük ki, zərbə altında qalsa belə, İran rejimi cavab zərbələri endirir. Yaxın Şərq ölkələri belə kütləvi hücumları dəf etməyə tam hazır deyil. Mənim çatdırmaq istədiyim məhz budur: Rusiyanı dayandırmaq bir çox müxtəlif müharibələri dayandırmaq deməkdir”.