BAKI, 30 dekabr. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsində ən qanlı, ən təhlükəli məqam yaranıb, bundan sonra müharibədən çıxmaq üçün ya Zelenski, ya da Putin hakimiyyətdən getməlidir”.

Teleqraf xəbər verir ki, bunu ReAl partiyasının sədri Natiq Cəfərli deyib.

“Rusiya iddia edir ki, Ukrayna Putini aradan götürmək üçün onun iqamətgahına dron hücumu həyata keçirib, özü də, hücum danışıqların ən intensiv dövrünə təsadüf edib. Zelenski isə bəyan edir ki, Rusiya yalan danışır, belə bir hücum olmayıb, bu, Moskvanın danışıqları pozmaq cəhdidir. Bu situasiyada ya Putin, ya da Zelenski yalan danışır. Bunu anlamaq üçün emosional yanaşmanı kənara qoymaq, soyuq başla düşünmək lazımdır. Emosional yanaşma budur ki, işğalçı Rusiya, diktator Putin həmişə yalan danışır”, - partiya rəhbəri bildirib.

Natiq Cəfərlinin fikrincə, bu məsələdə bir ciddi məqam da var - hər iki tərəf bu iddialarında ABŞ və Prezident Donald Trampa müraciət edirlər:

“Yəni ya Zelenski, ya da Putin yalan danışmaqla yanaşı, Trampı da aldatmağa çalışırlar. Adi məntiqi ardıcıllıq bunu deməyə əsas yaradır, elə deyilmi?

Deməli, məhz ABŞ çıxıb deməlidir ki, yalançı kimdir, çünki, indiki dünyada orbitdə ən çox peyki olan məhz ABŞ-dir. Amerikanın “Starlink” və “Starshield” hərbi-nəzarət peykləri ilə birlikdə orbitdə 5000 peyki var. Bu kosmik peyk ordusu dünyanın hər nöqtəsinə baxır, Ukraynadakı müharibə və Rusiyanın aqressiyasına görə peyk ordusunun 60 faizdən çoxu məhz münaqişə bölgəsini izləyir. Həmin peyklər nəinki göydə uçan cisimləri, hətta yerdə gedən avtomobilin nömrəsini belə görə bilir.

Sizcə, indi ABŞ-nin 5000 peyki, 18 xüsusi xidmət orqanı kimin yalan danışdığını bilir, ya bilmir? Məncə, bilirlər və bunu yaxın zamanda görəcəyik. Amma müharibənin bitməsi üçün kim yalan danışıbsa, onun getməsi (heç olmasa vəzifədən) lazım olacaq.

Nə olur-olsun, bircə dünyanı faciəyə sürükləyən hadisələr, nüvə münaqişəsi olmasın, işğalçı cəzasını alsın, Ukrayna xalqı isə haqqı çatan sülhə nail olsun”.