BAKI, 20 noyabr. TELEQRAF

Türkiyə Silahlı Qüvvələrinin hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramasından sonra eyni tipli (C-130) təyyarələrinin uçuşuna qoyulan qadağa uyğun vaxtda aradan qaldırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.

“Təyyarələrimizin uçuşları 12 noyabr tarixindən etibarən ehtiyat tədbiri olaraq dayandırılıb. Texniki araşdırmalar tamamlanan təyyarələrin uçuşları yenidən başlayacaq”, - o bildirib.

Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu. Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.