BAKI, 14 noyabr. TELEQRAF
Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesabında noyabrın 11-də Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinin hərbi yük təyyarəsi ilə bağlı skandal paylaşım edilib.
Teleqraf xəbər verir ki, Yunanıstan HHQ C130 təyyarəsinin olduğu şəkli “Günün fotosu” qeydi ilə paylaşıb.
Paylaşıma Türkiyə istifadəçilərindən kəskin reaksiyalar olub.
Türkiyə Xarici İşlər Nazirliyi buna cavab olaraq Yunanıstana nota verib. Notadan sonra Yunanıstan tərəfi paylaşımı silib və ölkənin Baş Qərargahı tərəfindən Ankaraya başsağlığı məktubu göndərilib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də Yunanıstan HHQ-nin skandal paylaşımına münasibət bildirib:
“Yunanıstan Hərbi Hava Qüvvələrinin şəhidlərimizə qarşı bütün insani və hərbi dəyərlərdən məhrum çirkin paylaşmını pisləyirik. Bu paylaşımın silinməsi və şəhidlərimizlə bağlı başsağlığı mesajının verilməsi doğru bir addım oldu. Zəlzələ və digər fəlakətlər zamanı bir-birimizin yardımına qaçır və aağrıları bölüşürük. Doğru olan budur. O çirkin mesajı paylaşanlar barədə lazımi tədbirlərin görülməsi və müvafiq cəzaların verilməsini gözləyirik”.

Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.