BAKI, 14 oktyabr. TELEQRAF
“Latviyanın 841 Rusiya vətəndaşını deportasiya etməsi Ukraynada aparılan xüsusi hərbi əməliyyatın (müharibənin – red.) vacibliyini təsdiqləyir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Dünyada bu cür hallar baş verəndə vəziyyət çox pis olur və bir daha Ukraynada aparılan xüsusi hərbi əməliyyatın vacibliyini göstərir. Yalnız qələbə, yalnız xüsusi əməliyyatın məqsədlərinə nail olmaq hazırkı vəziyyəti dayandıra bilər”, - Volodin qeyd edib.
TASS yazıb ki, Latviya oktyabrın 13-nü latış dili imtahanını vermək üçün son tarix kimi müəyyən edib:
“Bu tarixdən sonra Riqa latış dilində kifayət qədər bilik nümayiş etdirməyən Rusiya vətəndaşlarının deportasiya prosedurunu qanuni hesab edir. Artıq bu əsasla 841 rusiyalı vətəndaşın ölkədən çıxarıldığı məlumdur. Moskva isə onların vətənində yerləşdirilməsi üçün tədbirlər hazırladığını açıqlayıb”.
Qeyd edək ki, 2004-cü ildən başlayaraq Latviyada rus dilində orta məktəb sinifləri tədricən latış dilinə keçirilib. 2018-ci ildən etibarən ali məktəblər və peşə təhsili müəssisələrində tədrisin əsasən latış dilində aparılması məcburi olub. Bu, rus dilində təhsil alan şagird və tələbələrin sayını ciddi şəkildə azaldıb.
Xarici vətəndaşların Latviya vətəndaşı və ya uzunmüddətli yaşayış icazəsi alması üçün latış dili bilikləri üzrə imtahan verməsi zəruridir. Məsələn, oktyabr 13-dək imtahan verə bilməyən Rusiya vətəndaşları deportasiya olunacaq.
Dövlət orqanlarında da bütün yazışmalar latış dilində aparılır. Rusiya vətəndaşları və ya rusdilli sakinlər rəsmi müraciətlərdə latış dilindən başqa dil istifadə edə bilməzlər.
Latviya qanunvericiliyinə görə, TV, radio və media proqramlarının müəyyən hissəsi latış dilində yayımlanmalıdır. Rusdilli kanalların fəaliyyəti məhdudlaşdırılıb və reklamlarda latış dilinə üstünlük verilir.
Dövlət tədbirlərində və ictimai fəaliyyətlərdə də latış dilinə üstünlük verilir. Rusdilli məktəblər və mədəniyyət mərkəzləri fəaliyyətini davam etdirir, amma resurs və maliyyələşdirmə məhdudlaşdırılıb.
Rus dilinə qoyulan məhdudiyyətlər Latviya və Rusiya arasında gərginliyi artırıb. Deportasiya halları və dil bilikləri ilə bağlı sərt tələblər Moskvada “rusdilli əhalinin hüquqlarının məhdudlaşdırılması” kimi qiymətləndirilir.
Latviyada etnik rusların sayı təxminən 434,243 nəfərdir və bu, ölkə əhalisinin 23,4 faizini təşkil edir.