Kiyev, 10 iyun. TELEQRAF

İyunun 10-u Ukraynanın paytaxtı Kiyev şəhərinə qarşı həyata keçirilmiş kombinasiyalı hava hücumları nəticəsində Azərbaycan vətəndaşları arasında xəsarət alan və ya zərər çəkənlər barədə Azərbaycan Ukraynadakı səfirliyinin konsulluq bölməsinə hər hansı məlumat daxil olmayıb.

Bu barədə Teleqraf-ın Avropa bürosuna Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin konsulluq şöbəsindən məlumat verilib.

Bildirilib ki, diplomatik nümayəndəlik hücumdan dərhal sonra yerli orqanlarla əlaqə saxlayaraq mümkün zərərçəkənlərin müəyyən olunması istiqamətində araşdırmalar aparılıb. Hazırkı məlumata görə, Azərbaycan vətəndaşları arasında tələfat və ya xəsarət qeydə alınmayıb.

“Konsulluğun qaynar xətti 24 saat aktivdir. Hazırki məlumata görə, hələ heç bir müraciət daxil olmayıb. Gün ərzində dəqiqləşdirmələr aparılacaq”,-deyə bildirilib.

Konsulluq, Kiyevdə və digər bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi, sığınacaqlardan istifadə etməyi və daimi əlaqədə qalmağı tövsiyə edib.