BAKI, 3 iyun. TELEQRAF

Kreml ilk dəfə Ukraynanın iyunun 1-də Rusiyanın hərbi hava limanlarına irimiqyaslı pilotsuz təyyarə hücumu ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, müvafiq şərh Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovdan gəlib.

Onun sözlərinə görə, Putin bazar günü Ukraynanın Rusiyaya hücumları barədə məlumatı onlayn şəkildə alıb.

Peskov hücumla bağlı konkret açıqlamalar verməzdən əvvəl istintaqın nəticələrini gözləməyi təklif edib:

“Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən başladılan istintaq davam edir. Həmçinin Müdafiə Nazirliyinin bəyanatı da var. İstintaqın nəticələrini gözləməyi və Müdafiə Nazirliyinin bəyanatının məzmununa diqqət yetirməyi təklif edirəm”.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.