BAKI, 16 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Şri-Lanka xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Şri-Lanka arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin təşviqi, habelə iqtisadi, humanitar, təhsil, turizm, enerji və digər potensial sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
AQEM-in VII Sammitinin nəticələrinə toxunularaq, Azərbaycanın təşkilata 2024–2026-cı illər üzrə sədrliyinin Asiyada dialoqun, qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə vurğulanıb. Sammitin üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional və qlobal çağırışlar ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu mexanizmin ikitərəfli münasibətlərin gündəliyinin zənginləşdirilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət etdiyini bildiriblər. Həmçinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyi qeyd edilib.
Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib. Bu çərçivədə, qarşılıqlı turist axınının artırılması, turizm potensialının təşviqi və müvafiq qurumlar arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Humanitar və təhsil sahələrində əməkdaşlığın inkişafı da müzakirə olunub. Tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd proqramları çərçivəsində əməkdaşlıq imkanları və təhsil sahəsində təcrübə mübadiləsinin təşviqinin vacibliyi qeyd edilib.
Bununla yanaşı, diplomatların peşəkar hazırlığı və təlimi sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
15:41
Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şri-Lanka xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər Azərbaycan-Şri-Lanka ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.
Siyasi dialoqun gücləndirilməsinin, nazirliklərarası müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə əlaqələrin təşviqinin vacibliyini vurğulanıb. İkitərəfli əməkdaşlığın şaxələndirilməsi imkanları, xüsusilə turizm, enerji, təhsil, humanitar mübadilə və xalqlararası əlaqələr müzakirə olunub.
Tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd imkanlarının araşdırılması və diplomatların peşəkar hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazirlər, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri və Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin, dialoq və qarşılıqlı anlaşmanın təşviqinin, eləcə də Asiyada etimad quruculuğunun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan-Şri-Lanka münasibətlərinin daha da inkişaf etdirilməsində və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.