BAKI, 29 may. TELEQRAF

Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə yeni Konstitusiyanın hazırlanması üçün 10 hüquqşünasdan ibarət komissiya yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Komissiyanın ilk iclasını iyunun 4-də keçirəcəyi bildirilib.

Hakim partiyadan konstitusiya dəyişikliyi ilə bağlı nəşrə deyilib:

“İnsan ləyaqətinə əsaslanan konstitusiya quruluşunun bərqərar olması ilə hüquq və azadlıqlar sahəsində indiyədək qeydə alınan inkişaflar və qarşıdakı dövrdə görüləcək işlər daimi xarakter alacaq. “Türk Əsri”nin açarı yeni konstitusiyadır”.

Yüksək standartlı demokratiya, etibarlı azadlıqlar və qanunun aliliyi yeni konstitusiya üçün əsas məqamlar kimi sıralanıb.