BAKI, 27 may. TELEQRAF

Ukrayna üzrə nizamlanma prosesinin yeni başlandığı və son dərəcə kövrək olduğu bir vaxtda Almaniya Kansleri Fridrix Merzin bəyanatları münaqişənin sülh yolu ilə həlli səylərinə ziddiyyət təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, kanslerin Ukraynaya Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadə etməyə guya icazə verilməsi ilə bağlı fikirləri son dərəcə təhlükəlidir və əlavə qarşıdurmalara səbəb ola bilər. O qeyd edib ki, bu cür açıqlamalar sülh prosesini daha da mürəkkəbləşdirir.

"Əgər bu doğrudursa, bu, sözün əsl mənasında, əlavə qarşıdurmaya doğru bir neçə addımdır. Bütün bunlar sülh səyləri ilə ən həlledici dissonasiyadır", - Peskov belə deyib.

Kreml rəsmisi, həmçinin, Almaniya kanslerinin mövqeyinin hökumət nümayəndələri tərəfindən təkzib edilməsinə baxmayaraq, Merzin bu iddialarda israr etdiyinə diqqət çəkib: “Ancaq görürsünüz, o, hələ də canfəşanlıq edir və israr edir ki, belə bir qərar verilib və Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə alıb”.

Peskov əlavə edib ki, əgər Avropa bu yolla Rusiya üçün qeyri-müəyyənlik yaratmağa çalışırsa, nəticədə bu vəziyyətin özlərinə qarşı çevrilməsi ehtimalı var: “Qeyri-müəyyənlik onlar üçün yükə çevriləcək. Görək bu yükü daşıya biləcəklərmi”, - deyə Kreml sözçüsü vurğulayıb.