BAKI, 27 may. TELEQRAF
"Müharibə səbəbindən Ukraynanı tərk edən azərbaycanlıların son vaxtlar qayıdışı müşahidə edilir".
Bu fikirləri Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov bildirib.
Diplomat soydaşlarımız tərəfdən son vaxtlar konsulluğa müraciətlər azaldığını qeyd edib: "Xarkovdakı konsulluq Ukraynanın altı vilayətini əhatə edir. Bu vilayətlərdən son aylarda gələn müraciətlərin əksəriyyəti sənədlərlə bağlıdır. Vətəndaşların bir çoxu sənədlərin dəyişdirilməsi ilə bağlı müraciət edir. Biz də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Köməklik göstərə biləcəyimiz işləri dərhal edirik və ya səfirliyimizə yönləndiririk. Digər məsələlərlə bağlı müraciətlər demək olar ki, yox səviyyəsindədir”.
Fəxri konsul müharibə səbəbindən Ukraynanı tərk edən azərbaycanlıların son vaxtlar qayıdışı müşahidə edildiyini bildirir: "Həmin şəxslər uzun zaman burada yaşayanlar, iş əlaqələri olanlardır. Amma geri qayıdanlarla bağlı bizdə dəqiq statistika yoxdur. Adətən yaz aylarında gələn soydaşlarımız çox olur. Çünki burada qış çox sərt keçir, ona görə də gedənlərin sayı çox olur. Bəzi soydaşlarımızın evləri hələ də bərpa edilmədiyindən qışda burada qalmaq çox çətindir".
Əfqan Salmanov Ukraynada döyüşən azərbaycanlıların sayı ilə bağlı dəqiq statistika olmadığını da bildirib: "Çünki burada yaşayan azərbaycanlıların çoxu Ukrayna vətəndaşıdır, ona görə də dəqiqləşdirmə aparmaq çətindir. Bizim əhatə etdiyimiz altı vilayətdə xəsarət alan və ya vəfat edən soydaşlarımızla bağlı məlumatlar təqdim edilir. Onların müalicə olunması və ya nəşinin ölkəyə göndərilməsi yönündə işlər aparılır”.