VARŞAVA, 19 may. TELEQRAF
Mayın 18-də Polşada keçirilən prezident seçkilərinin birinci turunda heç bir namizəd 50%-dən çox səs toplaya bilməyib.
Teleqraf-ın Polşadakı müxbiri xəbər verir ki, bu barədə “TVP İnfo” telekanalının “exit-poll” məlumatlarında qeyd olunub.
Nəticələrə əsasən, Varşava meri və Mülki Koalisiya (KO) partiyasının namizədi Rafal Trzaskowski 30,8% səs toplayaraq birinci, əsas rəqibi, Mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasının dəstəklədiyi Karol Navroçki isə 29,1% səslə ikinci yerdə qərarlaşıb.
Bu nəticələrə görə, seçkilərin ikinci turu 1 iyun 2025-ci il tarixində keçiriləcək. İkinci turda iki namizəd arasında mübarizə davam edəcək.
Qeyd edək ki, ötən gün Polşada seçici fəallığı rekord göstərici - 66,8% təşkil edib.
Əvvəlki rekord 2020-ci ildə qeydə alınıb, o zaman Polşa prezident seçkilərində seçici siyahılarında olan seçicilərin 64,51%-i səs verib.
Aysel Məhərrəmli