BAKI, 18 may. TELEQRAF

Buxarestin meri, Avropa İttifaqı yönümlü müstəqil namizəd Nikuşor Dan Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 54,17%-ni toplayıb. Müxalif millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion səslərin 45,83%-ni qazanıb.

Teleqraf xəbər verir ki, bu nəticə səslərin 98,56%-i hesablandıqdan sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib.

Rumıniya mətbuatı artıq Danı seçkilərin qalibi elan edib. Hazırda 850000 səsin sayılması qalır, namizədlər arasında mövcud fərq isə 898 000 səsdir.

***

23:29

Buxarestin meri, Avropa İttifaqı yönümlü müstəqil namizəd Nikuşor Dan Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 54,1%-ni toplayıb. Müxalif millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion səslərin 45,9%-ni qazanıb.

Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şəhər və Regional Sosiologiya Mərkəzinin açıqladığı “exit poll”un nəticələrində deyilir.

Ümumilikdə seçici fəallığı qeydiyyatda olan seçicilərin 64,39%-ni təşkil edib.

"Bugünkü seçkiləri Rumıniyada dərin dəyişikliklər istəyən rumın icması qazandı. Bu, funksional dövlət qurumları, korrupsiyanın azaldılması, rumınlar üçün çiçəklənən iqtisadi mühit, nifrət deyil, dialoq cəmiyyəti istəyən bir icmadır", - Dan “exit poll”un nəticələrinin açıqlanmasından sonra deyib.

Millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion isə məğlubiyyətini qəbul etməyib və qələbə qazandığını elan edib. "Aydındır ki, biz bu seçkilərin qalibiyik. Biz rumın xalqı adından qələbəni tələb edirik", - o bildirib.

Səsvermənin yekun nəticələrinin bazar ertəsi elan ediləcəyi gözlənilir.