BAKI, 16 may. TELEQRAF

Polşanın Baş naziri Donald Tusk rəhbərlik etdiyi “Vətəndaş Platforması” Partiyasının və koalisiya hökumətinə daxil olan digər siyasi təşkilatların internet resurslarına qarşı həyata keçirilən kiberhücumlarda rus hakerlərini ittiham edib.

Teleqraf xəbər verir ki, Tusk bu barədə heç bir sübut təqdim etmədən “X”dəki sosial hesabında paylaşım edib:

“Seçkilərə iki gün qalmış teleqram messencerində fəaliyyət göstərən bir qrup rusiyalı haker Vətəndaş Platformasının saytına hücum edib. Hücumun hədəfində Sol Partiya və Polşa Kəndli Partiyası da olub”.

Baş nazirin sözlərinə görə, hücum hələ də davam edir və səlahiyyətli qurumlar nəticələrin aradan qaldırılması üçün intensiv iş aparırlar.

Bundan əvvəl Tuskun ofisinin rəhbəri Yan Qrabyeç bildirmişdi ki, yerli vaxtla saat 09:00-da "Civic Platform" saytına DDoS hücumu qeydə alınıb. Hücum nəticəsində sayt əlçatmaz vəziyyətə düşüb.

Xatırladaq ki, Polşada prezident seçkiləri mayın 18-də keçiriləcək. Seçkiyə az müddət qalmış baş verən bu hadisələr siyasi atmosferi daha da gərginləşdirib. Seçkilərdə Tuskun partiyasından Rafal Trzaskowski əsas namizədlərdən biri kimi çıxış edir və hazırda lider mövqedədir.