BAKI, 17 aprel. TELEQRAF

Egey dənizində sular yenidən isinir. Türkiyə Yunanıstanın dənizdə yeni cəhdlərinə dərhal cavab verib. Türkiyənin ətraf dənizlərdə hüquq və maraqlarını qorumaq üçün aparılan işlər çərçivəsində ilk Dəniz Məkanı Planlaşdırması (DMP) xəritəsi ötən gün yayımlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, xəritə çərçivəsində Türkiyənin ətraf dənizlərdə, onun ərazi sularından kənarda iqtisadi, elmi və hərbi fəaliyyətləri ilə bağlı planlar hazırlanıb və bu fəaliyyətlər üçün konkret sahələr müəyyən edilib:

“Bunun ardınca dünən Yunanıstan xarici işlər naziri Yorqo Yerapetritis və ekologiya naziri Stavros Papastavru tərəfindən imzalanan DMP-ni açıqlayıb. Yunanıstan kontinental şelfinin potensial ən ucqar sərhədlərinin ilk dəfə Avropa İttifaqının (Aİ) sənədinə daxil edildiyinə diqqət çəkilən açıqlamada Yunanıstanın Egeydəki ərazi sularını 12 dəniz milinə çatdırmaq hədəfinə də toxunulub”.

Yunanıstanın bu təşəbbüsündən sonra Türkiyə Xarici İşlər Nazirliyi Afinaya reaksiya verib:

“Bir daha vurğulayırıq ki, Yunanıstanın birtərəfli hərəkət və iddialarının ölkəmiz üçün heç bir hüquqi nəticəsi olmayacaq”.

XİN vurğulayıb ki, Yunanıstan Türkiyənin Egey və Şərqi Aralıq dənizindəki su ərazilərini pozur.