
BAKI, 21 mart. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını (AKP) və onun lideri, Prezident Rəcəb Tayyib Ərdoğanı çevrilişdə ittiham etmək mənasız, gülünc və Cümhuriyyət Xalq Partiyası (CHP) daxilindəki xaosu ört-basdır etmək məqsədi daşıyan siyasi hoqqabazlıqdır.
Teleqraf xəbər verir ki, bunu AKP-nin sədr müavini Efkan Ala deyib.
Hakim partiyanın rəsmisi CHP-nin vətəndaşları üz-üzə qoymaq üçün küçə aksiyalarına çağırışlar etdiyini bildirib:
“Qanuni siyasi kanallarla, millətimizin dəyərləri ilə fikir ayrılıqlarını artıq gizlədə bilməyən CHP rəhbərliyi küçəni ünvan göstərərək, xaosu öz çirkin siyasəti üçün alət etmək istəyir. Bu siyasət deyil, ən yaxşı halda ölkənin əmin-amanlığını, təhlükəsizliyini təhdid edən fitnəni alovlandırmaqdır.
Yalan, böhtan və xaos siyasətləri ilə gözlədiyi dəstəyi ala bilməyən CHP rəhbərliyi tamamilə millətimizə, ölkəmizə qarşı olan bu münasibətdən və demokratiyamıza qarşı sui-qəsddən əl çəkməlidir”.