
BAKI, 20 mart. TELEQRAF
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbul bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində irəli sürülən iddialara cavab vermək əvəzinə, bunu siyasiləşdirir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik brifinqdə İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan istintaqı şərh edərkən deyib.
“İctimaiyyətin Özgür Özəldən gözlədiyi baş verənləri CHP-AKP məsələsinə çevirməkdənsə, bütün iddialara cavab verməsidir. Deyə bilərmi ki, bu iddialar sübuta yetirilsə, istefa verəcək? Özəl CHP-nin daxili prosesləri ilə Türkiyənin daxili proseslərini qarışdırır. Partiyasında keçirdiyi seçkiləri Türkiyədə keçirilən seçkilər olduğunu düşünür. CHP daxilindəki proseslərlə Türkiyə daxilindəki proseslərin heç bir əlaqəsi yoxdur”, - AKP rəsmisi bildirib.
Ömər Çelik çıxışının davamında əlavə edib: “Dünən maraqlı bir şey oldu, CHP-də bir “çevriliş” baş verdi, Özəl namizədin kim olacağını indidən açıqladı. Dedi ki, bu şəxsin (İmamoğlu – red.) namizədliyini dəstəkləyəcəyik. Bu, üzvlərin (CHP) iradəsinə zidd olan “çevrilişdir”.
Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları dünən İstanbul bələdiyyəsində əməliyyat keçirib. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb. Onlar terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edilir.
CHP-dəki seçkilərinə gəlincə, söhbət martın 23-də pariya üzvləri arasında keçirilməsi nəzərdə tutulan səsvermədən gedir. Səsvermədə CHP-nin prezidentliyə namizədi müəyyən olunmalıdır. Əkrəm İmamoğlu yeganə namizəd kimi səsvermədə iştirak etməli idi. Hazırda polis nəzarətində olan İmamoğlunun səsverməyə qatılıb-qatılmayacağı məlum deyil.