
BAKI, 20 mart. TELEQRAF
Hazırda müvəqqəti işğal altında olan Ukraynanın Mariupol şəhəri Rusiya ordusu üçün hərbi-logistika qovşağına çevrilib və orada yaşayan insanların heç bir hüququ yoxdur.
Teleqraf xəbər verir ki, bunu Mariupol Şəhər Şurasının deputatı Dmitri Zabavin deyib.
“Orada insanların heç bir hüququ yoxdur. Bura işğalçıların böyük hərbi konsentrasiya düşərgəsidir, şəhər hərbiləşdirilmiş maddi-texniki struktura çevirilib, buradan cəbhəyə silah, hərbi texnika və canlı qüvvə göndərilir. Mahiyyət etibarilə bura ruslar üçün hərbi-logistika mərkəzidir”, - deputat bildirib.
Bu işğal Rusiya ordusunun 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hücumu ilə başladı və Mariupol əsas hədəflərdən biri oldu.
Xatırladaq ki, 2022-ci ilin fevralından mühasirədə olan Mariupol həmin ilin mayın 20-də tam işğal olunub. Həmin gün “Azovstal” zavodundakı ukraynalı döyüşçülər ruslara təslim olublar və şəhər tamamilə Rusiya qüvvələrinin nəzarətinə keçib.
Ukraynanın məlumatına görə, mühasirə və hücum zamanı şəhərdə on minlərlə dinc sakin həlak olub. Ukrayna mənbələri ölənlərin sayının 25-30 min arasında olduğunu və şəhərin 90 faizinin tamamilə dağıdıldığını iddia edirlər. Qeyd olunur ki, mühasirə zamanı su, elektrik və qida təchizatı kəsilib, minlərlə insan aclıq və susuzluq içində qalıb.
Şəhər tam ələ keçdikdən sonra Rusiya Mariupolda yenidənqurma işlərinə başlayıb. Ukrayna şəhəri geri qaytarmağı hədəfləyir.
Mariupolun işğalı Rusiya-Ukrayna müharibəsinin ən qanlı və faciəvi epizodlarından biri hesab edilir.