BAKI, 19 mart. TELEQRAF

Böyük Britaniya Ukraynanı silahla təmin etməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın telefon danışığından sonra Britaniya hakimiyyətinin mövqeyi dəyişməyib. Bundan əvvəl Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin rəhbəri Kaja Kallas bəyan etmişdi ki, Aİ Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil.

Xatırladaq ki, martın 18-də Putin və Tramp telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, eskalasiyanın qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Amerika liderinin Ukraynadakı münaqişə tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi təklifi ilə razılaşıb.