
BAKI, 19 mart. TELEQRAF
Avropa Komissiyası 2030-cu ilə qədər Avropa İttifaqının silahlanma planını - "Ağ kitab"ı təqdim edib. Sənədə Ukraynanın silahlandırılmasına dair uzunmüddətli plan da daxildir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
Bildirilib ki, bu müdafiə paketi Aİ ölkələrinə silah istehsalı və hərbi imkanlara sərmayəni kəskin artırmaq üçün maliyyə mexanizmləri təqdim edəcək.
"Ağ kitab"da xüsusi bölmə kimi Ukraynaya dəstək nəzərdə tutulub. Bu dəstək hərbi yardımın artırılmasını və Avropa ilə Ukrayna hərbi sənayesinin daha sıx inteqrasiyasını əhatə edir.
Bundan əlavə, Avropa Komissiyası ilk dəfə olaraq Avropa İttifaqında Ukraynanın da iştirak edəcəyi vahid silah bazarının yaradılmasını təklif edib. Komissiya iddia edir ki, bu təşəbbüs Avropa ordusunun yaradılmasına yönəlməyib.