
BAKI, 19 mart. TELEQRAF
2011-ci ildə Almaniya kəşfiyyatının Rusiyaya casusluq ittihamı ilə həbs etdiyi ər və arvad casusların informasiya ötürmək üçün məşhur portuqal futbolçu Kriştianu Ronaldunun videolarından istifadə etdiyi məlum olub.
Teleqraf-ın xəbərinə görə, bunu Böyük Britaniyanın “Sun” qəzeti yazıb.
Andreas və Haydrun Anşlaq Almaniyanın qərbindəki Marburq şəhərində yaşayıb. Cütlük saxta Avstriya pasportundan istifadə edib. Onlar qonşulara özlərinin Cənubi Amerika mənşəli olduqlarını bildiriblər. Andreas bir avtomobil şirkətində mühəndis işləyib, həyat yoldaşı Haydrun isə evdar qadın olub.
Alman jurnalist Mika Beuster, onları “qış aylarında bağçada uzun telefon danışıqlarından başqa, digər ailələrdən fərqlənməyən" cütlük kimi təsvir edir.
Anşlaqlar 1989-cu ildə Berlin Divarının sökülməsindən əvvəl Sovet İttifaqına, daha sonra isə və Aİ, NATO və BMT-nin sirrlərini Rusiyaya ötürüb və bunun qarşılığında illik 90 min avro qazanıblar.
Həmin vaxt casus cütlüyün mənbələri də yaxalanıb. Niderland Xarici İşlər Nazirliyində bir mənbə onlara kömək edirmiş. O, Anşlaqlara aylıq sənədləri "ölü məktub qutuları"nda və USB daşıyıcılarda göndərirmiş.
Cütlük Moskvanın Xarici Kəşfiyyat Xidməti ilə əlaqə saxlamaq üçün illər boyu radiostansiya tezliyindən və peyk telefonlarından istifadə edib. Lakin internetin yüksəlişi ilə "Pit" və "Tina"ya Moskvaya mesaj göndərmək üçün yeni bir imkan qazandırıb.
Anşlaqlar 2011-ci ilin əvvəlində "@Aplenkuh1", rus kəşfiyyatı isə "@crsitanofootballer" istifadəçi adı ilə yutub profili yaradıb.
BBC-nin keçmiş təhlükəsizlik müxbiri Qordon Koreranın “Russians Among Us” ("Aramızdaki ruslar") adlı kitabında verdiyi məlumata görə, sözügedən casuslar ünsiyyət vasitəsi kimi o vaxt İspaniya "Real Madrid"inin ulduz futbolçusu Kriştianu Ronaldunun videolarının şərh bölməsini seçiblər.
"Cütlük və KQB bir neçə ay fərqlə 2011-ci ilin əvvəlində xüsusi olaraq Kriştianu Ronaldu haqqında videoları şərh edən hesablar açıblar. Onlar Kremlə məxsus hesabda paylaşılan videonun altına "Çox gözəl video və çox yaxşı mahnıdır" şərhini, KQB-yə məxsus hesab isə "Şeytan kimi qaçır və oynayır" cavabını yazıb.
Alman müstəntiqləri hesab edirlər ki, bu, dünyanın ən böyük video platformasında digər izləyicilər arasında gizlənərək ünsiyyət qurmağın bir yolu olub.
Şərhlərdə əvvəlcədən razılaşdırılmış mesajda geri göndəriləcək nömrələrə çevrilə bilən bir sıra durğu işarələri də olub. Anşlaqlar xüsusi kəşfiyyat qüvvələri tərəfindən izlənilib və 2011-ci ilin oktyabrında Almaniyadakı evlərinə basqın edilərək casusluqda ittiham olunublar. Cütlük 2013-cü həbs cəzasına məhkum edilib. Onlar 2015-ci ildə Rusiyaya deportasiya edilib.