BAKI, 19 mart. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsində keçirilən əməliyyatlardan sonra şəhər valiliyi ehtiyat tədbirlərini açıqlayıb.

Teleqraf xəbər verir ki, İstanbulda 4 gün ərzində hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.

Bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb və metro xidmətlərində də dəyişiklik edilib.

“Şəhər daxilində ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında valiliyimiz tərəfindən hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar 4 gün müddətinə qadağan edilib”, - açıqlamada deyilir.

İstanbulun mərkəzi meydanı Taksim meydanına gedən metro xətti və avtomobil yolları bağlanıb.

Bu qərara uyğun olaraq, müxtəlif qabaqlayıcı tədbirlərin həyata keçiriləcəyi bildirilib.

Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları bu gün səhər saatlarında İstanbul bələdiyyəsində anti-korrupsiya əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb.