
BAKI, 17 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya təxminən 3,5 milyard avro maliyyə dəstəyi göndərilməsini təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, Avropa Şurası Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro dəyərində maliyyə dəstəyi vermə planı çərçivəsində üçüncü müntəzəm ödəniş qərarının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
Bəyanatda deyilir ki, Ukrayna təxminən 3,5 milyard avroluq fondu qazanmaq üçün lazımi şərtləri yerinə yetirib, islahatları həyata keçirib.
Açıqlamada Aİ-nin Ukraynanın makromaliyyə sabitliyinə, iqtisadi dirçəlişinə və yenidən qurulmasına dəstək verəcəyi və üçüncü maliyyə dəstəyi ilə ölkənin bir il əvvəl qüvvəyə minmiş Ukrayna Fondu çərçivəsində təxminən 20 milyard avro vəsait əldə edəcəyi qeyd edilib.
Bəyanatda xatırladılıb ki, Ukrayna Fondu 2024-2027-ci illər üçün ölkəyə qrant və kredit şəklində 50 milyard avro sabit maliyyə verəcək.