BAKI, 16 mart. TELEQRAF

Rusiya ordusunun Kursk vilayətində sürətli irəliləməsi nəticəsində Ukrayna qoşunları ərazidən geri çəkilib. Hazırda bölgədə yalnız kiçik bir ərazi Ukraynanın nəzarətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.

ABŞ nəşri hesab edir ki, Ukrayna rəsmiləri qoşunların Kurskda qalmasını planlaşdırsa da, itkilərin qarşısını almaq üçün geri çəkilmə qərarı veriblər. Mütəxəssislər Kursk əməliyyatı zamanı Ukraynanın həm canlı qüvvə, həm də Qərbdən aldığı zirehli texnikanı itirdiyini qeyd edir.

Bununla yanaşı, bəzi hərbi ekspertlər Ukraynanın qeyri-bərabər müharibə şəraitində çətin seçimlərlə üzləşdiyini bildirir. Rəsmilər əməliyyatın müəyyən məqsədlərə çatdığını, Rusiya ordusunun genişmiqyaslı hücumunun qarşısını aldığını və bəzi rus hərbçilərinin əsir götürüldüyünü vurğulayıblar.

WSJ-in məlumatına görə, Rusiya ordusu Kursk vilayətində irəliləmək üçün əsasən artilleriya, hava zərbələri və piyada bölmələrindən istifadə edib. Çətin relyef və bataqlıq ərazilər ağır texnikanın hərəkətini məhdudlaşdırıb.

Bundan əlavə, Rusiya Kursk cəbhəsində yeni pilotsuz uçuş aparatları tətbiq edib. Bu dronlar fiber-optik kabel vasitəsilə idarə edilir və Ukraynanın elektron müdafiə sistemlərini aşaraq hədəflərə zərbə endirir.

Martın əvvəlindən etibarən Ukrayna qoşunları Kursk bölgəsinə nə texnika, nə də əlavə qüvvə göndərə bilmir. Ukrayna ordusunun təchizat yolları ciddi atəş altındadır və mövqeləri qorumaq getdikcə çətinləşir.