
BAKI, 14 mart. TELEQRAF
Müharibə və təbii fəlakətlərdən sonra yenidənqurma prosesində maliyyə və strateji planlaşdırma əsas amillərdən biridir.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasının prezidenti, Türkiyə Respublikasının Avropa Birliyi işləri üzrə sabiq naziri Volkan Bozkır “Sülh-Münaqişə Sonrası Yenidənqurma və Regional Sabitliyin Yenidən Bərpası” panel müzakirələrində bildirib.
O vurğulayıb ki, Türkiyənin yenidənqurma sahəsindəki təcrübəsi təkcə müharibələrlə deyil, həm də zəlzələ ilə bağlıdır.
“Bildiyiniz kimi, Türkiyədə 50 mindən çox insanın öldüyü zəlzələ bölgəsində artıq 200 min bina tikilib, ya da əsaslı şəkildə bərpa olunub. İlin sonunadək bu rəqəmi 450 minə çatdırmağı hədəfləyirik. Bunları reklam üçün demirəm, çünki hər şey bir-birilə bağlıdır. Qonşu ölkələrdə yenidənqurma işlərinin səbəbi zəlzələ deyil, müharibədir. Müharibədən sonrakı yenidənqurma prosesində ən vacib məsələ maliyyə vəsaitinin təmin olunmasıdır. Suriyada da vəziyyət çətindir. 60 illik BAAS rejimindən sonra hakimiyyətə gələn yeni hökumətin işi asan deyil, amma düşünürəm ki, bunun öhdəsindən gələ biləcəklər. Suriya Yaxın Şərqin əsas ölkələrindən biridir. Əgər bu ölkə öz sərhədləri daxilində sülhü bərqərar edə bilsə, bu, bütün region üçün faydalı olacaq", - Volkan Bozkır qeyd edib.
Sonda Şuşada səfərdə olduğunu xüsusilə vurğulayan Volkan Bozkır, Qarabağda görülən-bərpa quruculuq işlərinə görə Azərbaycanı alqışlayıb.