
BAKI, 8 mart. TELEQRAF
"Palestine Action" hərəkatının fəalları ABŞ Prezidenti Donald Trampın Şotlandiyadakı qolf meydançasını yararsız hala salıblar.
Teleqraf xəbər verir ki, etirazçıları qəzəbləndirən Ağ Ev rəhbərinin Qəzza barədə dediyi sözlər olub.
Fələstinyönümlü fəallar bu barədə öz qurumlarının saytında bəyanat veriblər.
Bəyanatda deyilir:
""Palestine Action" hərəkatı ABŞ administrasiyasının Fələstində Qəzza zolağının məhv edilməsi, etnik təmizlənməsi və “mənimsənilməsi” planlarına və təhdidlərinə cavab olaraq, "Tramp Ternberri" qolf meydançasını gecə ilə dağıdıb".
Naməlum şəxslər qolf klubunun ərazisinə daxil olaraq qazona ağ boya ilə üç metrlik "Qəzza satılmır" şüarını yazıblar. Bundan əlavə, onlar ABŞ Prezidentinin müəssisəsinin ərazisindəki bütün ot örtüyünü dağıdıblar.