BAKI, 8 mart. TELEQRAF

Rusiya "Nə? Harada? Nə vaxt?" televerilişinin keçmiş bilicilərindən olan Rövşən Əsgərov haqqında qiyabi həbs qərarı çıxarılaraq axtarışa verilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat-axtarış bazasında xəbər verilib.

O, Rusiya tərəfindən xarici agent kimi tanınaraq terrorçular və ekstremistlər siyahısına daxil edilib. Əsgərova qarşı nasizm maddəsi ilə cinayət işi açılıb.

Fevral ayında Rusiyanın İstintaq Komitəsi şöbə müdiri Aleksandr Pastuxov, məhkəmənin Əsgərov barəsində axtarış qərarı verdiyini açıqlayıb. Onun sözlərinə görə, Əsgərov bir neçə dəfə terrorçuluğa çağırış edib. Bu, onun sosial şəbəkələrdə Sovet İttifaqı marşalı Georgi Jukov haqqında qəsdən yalan məlumat yayması ilə əlaqələndirilib.

Rövşən Əsgərovun, həmçinin fevral ayında bank hesabları bloklanıb. Onun 130 min rubl borcu olduğu və əleyhinə üç icra işi açıldığı qeyd olunub.

Baş verənlərə münasibət bildirən Rövşən Əsgərov terrorçular və ekstremistlər siyahısına daxil edilməsini qəribə addım kimi qiymətləndirib və bunun səbəbini anlamadığını söyləyib. O əlavə edib ki, onun ehtimalına görə bu addımın səbəbi onun YouTube kanalında Vladimir Putinə qarşı sərt fikirlər səsləndirməsidir.

Qeyd edək ki, 2022-ci il aprelində İstintaq Komitəsinin müstəntiqləri Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) ilə bağlı cinayət işi açıblar.