BAKI, 8 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna ilə sülh danışıqları aparmaq Rusiya ilə müqayisədə daha çətindir.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Cümə günü Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp qeyd edib ki, ABŞ Rusiya ilə çox yaxşı irəliləyir və Moskva ilə razılığa gəlməyin Kiyev ilə müqayisədə daha asan ola biləcəyini düşünür.

Ağ Ev rəhbəri bundan bir neçə saat əvvəl isə Rusiya ilə atəşkəs əldə olunana qədər bu ölkəyə qarşı genişmiqyaslı sanksiyalar və ticarət rüsumları tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

Qeyd edək ki, ABŞ Ukraynanın bəzi peyk görüntülərinə çıxışını müvəqqəti dayandırıb. Maxar adlı kosmik texnologiya şirkəti bu məlumatı BBC Verify xidmətinə təsdiqləyib. Bu addım Trampın Ukraynaya hərbi yardımı dayandırmasından sonra atılıb.