BAKI, 7 mart. TELEQRAF
Polşa Prezidenti Anjey Duda müdafiə xərcləri ilə bağlı konstitusiyaya yeni minimum xərc həddini təyin edən dəyişiklər təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "Interia" portalı məlumat yayıb.
“Mən belə xərclərə zəmanət vermək və təhlükəsizliyi gücləndirmək üçün Polşada ÜDM-in ən azı dörd faizini müəyyən edən Konstitusiyaya düzəliş hazırlayıb, Seymin sədrinə təqdim etmək qərarına gəldim”, - deyə dövlət başçısı qeyd edib.
Duda vurğulayıb ki, təşəbbüs Baş nazir Donald Tusk da daxil olmaqla, siyasi rəqibləri tərəfindən başa düşülür. Prezidentin özü hazırda mövcud hakimiyyətə müxalifətdə olan Qanun və Ədalət (PiS) partiyasını təmsil edir.
Xatırladaq ki, bundan əvvəl Duda münaqişə bitdikdən sonra təhlükəsizlik və asayişə nəzarət etmək üçün Ukraynaya polis və istehkamçıların göndərilməsini təklif edib. Onun fikrincə, bu cür tədbir ora sülhməramlıların göndərilməsindən daha effektiv və çevik həll yolu olardı.