BAKI, 7 mart. TELEQRAF
Rusiya və Ukrayna arasında davam edən müharibə bitməlidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Müharibəni dialoq yolu ilə bitirmək üçün çox gərgin və səmimi səylər göstərmişik. Hər fürsətdə açıq şəkildə bəyan etmişik ki, ədalətli sülhdə uduzanlar olmayacaq.
Bunu edərkən həm də strateji tərəfdaşımız olan Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə güclü dəstək vermişik.
Bu gün biz ədalətli, davamlı və ləyaqətli sülh uğrunda mübarizə aparan hər iki tərəfin masa arxasında dayanacağı möhkəm diplomatik zəminin vacibliyinə diqqət çəkirik. Tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbiri kimi ən qısa zamanda atəşkəsin təmin olunması, havada və dənizdə hücumların dayandırılması ideyasını dəstəkləyirik. Qara dənizdə konsensusa nail olmaq səylərimiz də bu yanaşmaya uyğundur”, - Ərdoğan bildirib.
Həmçinin Türkiyə lideri qeyd edib: “Ukrayna ilə bağlı danışıqlar prosesinə ev sahibliyi etmək də daxil olmaqla, istənilən töhfəni verməyə hazırıq”.