BAKI, 18 fevral. TELEQRAF

ABŞ və Rusiyanın xarici işlər nazirlikləri iki ölkədə əvvəllər bağlanmış baş konsulluqların işinin bərpası imkanlarını müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya-Amerika danışıqlarından sonra keçirilən mətbuat konfransında deyib.

"Biz bu barədə danışacağıq. Ətraflı danışmayacağam və ya açıq şəkildə bunun üzərində qalmayacağam. Amma son nəticədə əldə etməli olduğumuz məqsəd missiyalarımızın işinə və onların fəaliyyət qabiliyyətinə müəyyən təkan verəcək. Demək istədiyim odur ki, diplomatik kanallarımız olmazsa, Ukrayna üzrə daha geniş danışıqları poza biləcək bəzi məsələlər daxil olmaqla ahəngdar dialoq aparmaq çox çətin olacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 18-də Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda təxminən 4,5 saat davam edən danışıqlar aparıblar.