
BAKI, 18 fevral. TELEQRAF
Ukrayna münaqişəsi həll olunarsa, Qərb ölkələri anti-Rusiya sanksiyalarını ləğv etməli olacaqlar.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Moskvaya qarşı tətbiq edilən məhdudiyyətlər barədə suala belə cavab verib: "Bütün bunlar Ukraynadakı münaqişənin nəticəsidir. Münaqişə nəticəsində tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaq üçün bütün tərəflərin güzəştə getməsi lazımdır. Sanksiya tətbiq edən başqa tərəflər də var. Avropa İttifaqı nə vaxtsa danışıqlar masasına gəlməli olacaq, çünki onların da Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları var".
Dövlət katibi əlavə edib ki, məqsəd bu münaqişəni ədalətli, davamlı, sabit və bütün iştirakçı tərəflər üçün məqbul bir şəkildə bitirməkdir.