BAKI, 18 fevral. TELEQRAF

İtaliya Baş naziri Corciya Meloni Parisdə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən Avropa liderlərinin Ukrayna ilə bağlı toplantısının formatına etiraz edib.

Teleqraf xəbər verir ki, o, bir çox ölkələrin toplantıdan kənarda qaldığını deyib.

Meloninin sözlərinə görə, müzakirə üçün daha uyğun format ölkələrin daha geniş təmsil olunmasını təmin edəcək Avropa Şurasının növbədənkənar sammiti olardı.

İtaliya baş naziri qeyd edib ki, Ukraynadakı müharibənin nəticələrini təkcə iclasda iştirak edənlər yox, bütün dövlətlər hiss edir.

Meloni atəşkəsin təmin edilməsi üçün Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyasına şübhə ilə yanaşdığını da söyləyib:

“Bu, ən çətin və səmərəsiz həll yolu ola bilər. ABŞ-nin daha fəal iştirakını nəzərdə tutan digər variantları da araşdırmaq lazımdır. Çünki məhz Avropa və Amerikanın təhlükəsizliyi məhz NATO kontekstində qurulub”.

Baş nazir dünən keçirilən toplantıya gecikib və toplantıdan əvvəl şərh verməkdən imtina edib.

Xatırladaq ki, Rumıniya, Çexiya və Sloveniya sammitə dəvət olunmadıqları üçün Fransaya etiraz ediblər.