BAKI, 18 fevral. TELEQRAF
Hökumət dairələrində gəzən söz-söhbətlərə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Münxendən (Almaniya) tutqun əhval-ruhiyyədə qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti yazır.
Nəşr bildirir ki, baş nazir Münxen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edib, bu çərçivədə bir sıra ikitərəfli görüşlər keçirib:
“Bu görüşlər, xüsusən də Münxendəki ümumi ab-hava ona göstərdi ki, Qərbdən ona əvvəlki dəstək yoxdur. Parçalanmış Avropa gözünü qırpmadan Nikolu “İkinci Zelenski”yə çevirəcək, onu taleyin ümidinə buraxacaq. Paşinyana yaxın olan Qərb dairələri dolayısı ilə ona xarici, xüsusən də kadr siyasətinə ciddi şəkildə yenidən baxmalı olduğuna dair xəbərdarlıq ediblər.
Məsələn, Paşinyan artıq Böyük Britaniyanın Mİ-6 kəşfiyyat orqanının kadrlarından, ilk növbədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan yaxa qurtarmaqla amerikalıların xoşuna gəlməyə çalışır. Amma o, qurumun onun qarşısına hansı kompromatları qoya biləcəyini anlayaraq tələsmir”.