BAKI, 17 fevral. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsinin milli təhlükəsizliyinin nəsillər boyu davam edəcək problemlə üzləşdiyini və bütün Avropanın müdafiəyə daha çox pul xərcləməli olduğunu deyib.
Teleqraf xəbər verir ki, bu barədə o, Ukrayna ilə bağlı Fransada keçiriləcək fövqəladə toplantıdan əvvəl Bristol şəhərində mətbuata açıqlama verib.
O deyib: “Aydındır ki, aktual sual Ukraynanın gələcəyidir və bundan sonra nə olursa olsun, biz Ukraynanı mümkün olan ən güclü mövqeyə qoymağa davam etməliyik və əgər sülh varsa və hamımız sülh istəyiriksə, bunun davamlı olduğuna əmin olmalıyıq”.
Starmer, Britaniya hökumətinin strateji müdafiə araşdırması apardıqdan sonra müdafiə xərclərini 2,5%-ə çatdırmaq öhdəliyini yerinə yetirmək üçün bir yol müəyyən edəcəyini vurğulayıb.
O söyləyib ki, avropalı müttəfiqlərə verilən mesajın bir hissəsi ondan ibarətdir ki, hamı həm müdafiə qabiliyyətini, həm də maliyyələşməni gücləndirməlidir. Buraya Böyük Britaniya da daxildir və buna görə də Britaniya daha çox xərcləmə öhdəliyi götürüb.