BAKI, 17 fevral. TELEQRAF

Rusiyanın indiki məqamda “Yeddilik” qrupuna (G7) qayıtması mümkün deyil.

Teleqraf xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.

“Bu gün bunu təsəvvür etmək mümkün deyil. G7 nədir? Bu, dünyanın ən inkişaf etmiş demokratiyaları qrupudur. Rusiya bu gün inkişaf etmiş demokratiyaya bənzəyir? Yox”, - fransalı nazir deyib.

Barronun sözlərinə görə, Rusiya bu gün özünü təcavüzkar kimi aparır, digər G7 ölkələrini təhdid edir: “Rusiya həyasızca G7-nin digər üzvlərinə də hücum edir. Ona görə də indi bu, qəbuledilməzdir”.

Həmçinin nazir gələcəkdə diplomatik dialoqun bərpasının mümkünlüyünə diqqət çəkib:

“Gələcəkdə ədalətli və davamlı sülh üçün şərait yarananda rus xalqı ilə münasibətləri bərpa edə biləcəyiksə, niyə də olmasın? Bu müharibənin məsuliyyəti Vladimir Putin və yaxın ətrafının çiyinlərindədir".

Barro bu səbəbdən indiki məqamda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşə hazır olmadığını da qeyd edib: “Bu gün yox. Amma indi Avropanın üzləşdiyi əsas problem - təhlükəsizliyimizə Putin Rusiyasından təhdid aradan qaldırıldıqdan sonra onunla danışa bilərəm”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Rusiyanın G7-yə qayıtmasının əleyhinə olmadığını söyləyib və onun bu formatdan çıxarılmasını “səhv” adlandırıb.