BAKI, 17 fevral. TELEQRAF

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hoyqsen rəhbərlik etdiyi qurumun son tədbirini Avropa üçün “qorxunc kabus” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə forum rəhbəri ZDF telekanalının efirində bildirib.

“Builki Münxen Konfransı müəyyən mənada Avropanın qorxunc kabusu oldu. Konfrans göstərdi ki, Donald Trampın rəhbərliyi altında Amerika başqa planetdə yaşayır. Hətta respublikaçı senatorların da prezidentlərindən qorxduqları üçün ictimaiyyət qarşısında çıxış edərkən çox ehtiyatlı olduqlarını gördük”, - Hoyqsen deyib.

Fevralın 14-16-da Münxendə 61-ci Təhlükəsizlik Konfransı keçirilib və burada müxtəlif ölkələrin yüksək rütbəli hökumət rəsmiləri xarici siyasət sahəsində mövcud çağırışları və problemləri, o cümlədən Ukrayna və Yaxın Şərqdəki müharibələri müzakirə ediblər.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens konfransın ilk günü tədbirdə çıxış edib. Onun sözlərinə görə, Avropa liderləri öz vətəndaşlarını “öyrədilmiş heyvanlar” kimi heçə sayırlar, seçiciləri dinləmirlər, seçkiləri hansısa yolla saxtalaşdırırlar.

Vensin fikrincə, Avropa İttifaqı (Aİ) üçün təhlükə yaradan Rusiya və ya Çin yox, Avropanın özüdür. Tramp vitse-prezidentin çıxışını dinlədiyini deyib və bunu “yaxşı çıxış” adlandırıb. Həmçinin o, Avropaya diqqətli olması üçün xəbərdarlıq edib. Tramp və Vensin açıqlamaları Aİ ölkələri tərəfindən sərt təpkilərlə qarşılanıb.