
BAKI, 17 fevral. TELEQRAF
Ukrayna və Avropa Rusiyanın ukraynalılara qarşı apardığı müharibəyə son qoymaq üçün istənilən real danışıqlarda yer alacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, ABŞ-nin Rusiya ilə aparacağı danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinin sülhdə nə qədər ciddi olduğu görünəcək.
Rubio Avropanın Rusiya və ABŞ arasında sabah Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan ilkin danışıqlardan kənarda qalacağı ilə bağlı narahatlığını azaltmağa çalışıb:
“Tramp ötən həftə Putinlə danışıb. Putin söhbət zamanı sülhdə maraqlı olduğunu bildirib, Tramp da müharibənin uzunmüddətli və Ukraynanın suverenliyini qoruyacaq şəkildə sona çatmasını görmək arzusunu ifadə edib. İndi buna əməl edilməlidir, buna görə də bunun ciddi olub-olmaması yaxın bir neçə həftə ərzində bəlli olacaq. Bir telefon zəngi ilə sülh olmur.
Nəhayət, bu, bir nöqtəyə çatacaq. Real danışıqlar olacaqsa, Ukrayna işğala məruz qaldığı üçün iştirak etməli olacaq, avropalılar da iştirak edəcəklər, çünki onların Putin və Rusiyaya qarşı sanksiyaları var”.