BAKI, 17 fevral. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) növbəti prezident seçkilərində öz namizədini praymeriz seçki vasitəsilə müəyyən edəcək. Praymerizin 23 martda keçirilməsi nəzərdə tutulub.

Ancaq partiyanın qarşısında ciddi suallar və problemlər dayanır. Bu prosesdə yeganə məlum olan cəhət Özgür Özəlin namizəd olmayacağıdır. Partiyanın yeni sədri dəfələrlə özünün namizəd olmayacağını ancaq ən adekvat namizədi seçki prosesinə qoşacağını bildirib. Siyasi təşkilat daxilində əsas mübarizə isə İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə Ankara bələdiyyə sədri Mansur Yavaşın arasında gedəcək.

CHP sədri Özgür Özəl, Əkrəm İmamoğlu və Mansur Yavaşın birlikdə mövzunu müzakirə ediblər. Ancaq görüşün detallar gizli saxlanılır. Özəl “Mansur Yavaş bizimlə həmfikirdir” bəyanatı versə də, qarışıq məqamlar kifayət qədərdir. Belə ki, Mansur Yavaş praymerizdə iştirak etməyəcəyini açıqlayıb. Ancaq bu onun seçkidə iştirak etməyəcəyi mənasına gəlmir.

Ekspertlər, Mansur Yavaşın müstəqil namizəd kimi seçkiyə qatılma ehtimalının da güclü olduğunu bildirirlər. Siyasi ekspert Ufuk Uras Teleqraf-ın Türkiyə bürosuna açıqlamasında Mansur Yavaşın haqlı olduğunu bildirir: “Praymerizdə neçə nəfərin iştirak edəcəyi məlum deyil. Namizədlər təkcə CHP daxilindən yox, kənardan da ola bilər. Namizədin əhatə dairəsi mümkün qədər geniş götürülməlidir. Buna görə də Əkrəm İmamoğlunun tək başına seçkiyə qatılması legitimlik problemi yaradır. Tək atın iştirak etdiyi yarış artıq yarış deyil. Bundan başqa, CHP-nin ittifaqa girmədən, təkbaşına seçkidə iştirakı “Cümhur İttifaqı” tərəfindən yaxşı qarşılanmayacaq. Əslində, orta yol seçimi partiyaya üzv olan və ya olmayan vətəndaşlarla birgə seçkinin keçirilməsi idi. Ancaq, CHP rəhbərliyi buna razı olmadı”.

CHP millət vəkili, partiya Məclisinin üzvü Ali Haydar Fırat Teleqraf-ın Türkiyə bürosuna seçki hazırlığı prosesi bitdikdən sonra növbədənkənar seçkinin keçirilməsi üçün səy göstəriləcəyini bildirib: “Bütün bu proseslər başa çatdıqdan sonra xalqa müraciət edərək, “Hazırıq, əgər siz də hazırsınızsa növbədənkənar seçkini birlikdə tələb edək” deyəcəyik. Ən gec aprel ayında CHP- nin prezidentliyə namizədi ictimaiyyətə açıqlanacaq".

Ali Haydar Fırat Əkrəm İmamoğlunun siyasi fəaliyyətinin qadağan edilməsi ehtimalları üzərində də dayanıb: “Ekrem İmamoğluna siyasi qadağanın tətbiq edilməməsi üçün var gücümüzlə mübarizə aparacağıq. Əgər məhkəmə belə bir qərar qəbul etsə, öz mübarizəmizə davam edəcəyik. Ancaq siyasi qadağanın qoyulması Türkiyənin demokratik və konstitusion əsasların çürüməsi deməkdir. Biz buna icazə verə bilmərik”.