BAKI, 29 noyabr. TELEQRAF
Bu gün Qazaxıstanda yerli nümayəndəli hakimiyyət orqanları olan bütün səviyyələrdəki məclislərə (maslihatlara) deputatların növbədənkənar seçkiləri keçirilir.
Teleqraf "Kazinform"a istinadən xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə üçün ölkə üzrə 10 338 seçki məntəqəsi açılıb. Seçici siyahılarına 12 679 459 vətəndaşın adı daxil edilib.
Kampaniya çərçivəsində 228 maslihatda 3 447 deputat mandatı uğrunda ümumilikdə 10 582 namizəd mübarizə aparır. Onlardan 1 160-ı 20 regionda qeydə alınmış 97 partiya siyahısı üzrə 334 mandat, 9 422-si isə 3 113 birmandatlı seçki dairəsi üzrə digər mandatlar uğrunda yarışır.
Partiya siyahıları üzrə seçkilərə yeddi siyasi partiya — "Auyl", Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Xalq Partiyası, "Respublica", "Aq Jol", "Baytaq" və "Ädilet" partiyaları buraxılıb. Beş il müddətinə seçilən maslihat deputatları paytaxt, vilayət və respublika tabeli şəhərlərdə qarışıq sistemlə, rayon və digər şəhərlərdə isə birmandatlı dairələr üzrə müəyyənləşdirilir.
Qeyd edək ki, seçkilər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin oktyabrın 12-də bütün səviyyələrdəki maslihatların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında fərman imzalamasından sonra təyin edilib. Səsvermənin yekunları dekabrın 3-dən gec olmayaraq elan olunmalıdır.