BAKI, 29 noyabr. TELEQRAF
Rusiya Nəqliyyat Nazirliyi aviareyslərdə nizam-intizamı pozan sərnişinlər üçün vahid “qara siyahı”nın yaradılması təklifini dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu fikirləri Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov deyib. Onun sözlərinə görə Hava Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər layihəsi artıq Dövlət Dumasına təqdim olunub.
Hazırda hər bir aviaşirkət qaydaları pozan sərnişinlərin öz siyahısını aparır. Yeni mexanizmə əsasən, bir aviaşirkətin reysində ciddi qayda pozuntusuna yol verən sərnişinin digər daşıyıcılar tərəfindən də daşınmasından imtina edilə biləcək.
Qeyd edək ki, 2018-ci ildən Rusiyada aviaşirkətlərə qayda pozan sərnişinlərin siyahısını aparmaq və bir il müddətinə onların daşınmasından imtina etmək hüququ verilib.