BAKI, 29 noyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Anar Şükürov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbində və Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasında, Gəncə RM tərəfindən Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli və V.Veysəlov adına 30 nömrəli tam orta məktəblərində, Aran RM tərəfindən Naftalan şəhərində yerləşən “Qaşaltı” sanatoriyasında, Goranboy rayonu, Rəhimli kənd tam orta ümumtəhsil məktəbində, Şimal-Qərb RM tərəfindən Zaqatala Regional Qaz İstismarı İdarəsində, Şəki rayonu, Bideyiz kənd tam orta ümumtəhsil məktəbində, Şimal RM tərəfindən Xaçmaz rayonu, Mürşüdoba kənd tam orta məktəbində və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Xaçmaz Regional İdarəsində, Cənub RM tərəfindən Masallı şəhər N.Nərimanov adına 2 nömrəli və Astara rayonu, Şiyəkəran kənd N.Gəncəvi adına 1 nömrəli, Qarabağ RM tərəfindən Tərtər rayonu, R.Kərimov adına Sarov kənd və Bərdə rayonu, E.Məmmədov adına Samuxlu kənd, Muğan RM tərəfindən isə Saatlı rayonu, Nabat kənd tam orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.