BAKI, 29 noyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya məxsus sənaye müəssisələrinə, logistika və nəqliyyat obyektlərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbələr nəticəsində Poltava vilayətinin Kremençuq şəhərində "JTI Ukraine" tütün fabrikinin sexləri vurulub. Həmin sexlərdə Ukrayna Silahlı Qüvvələri üçün döyüş sursatının istehsal edildiyi bildirilir. Bundan başqa, Sumı vilayətinin Şostka şəhərində böyük və orta mənzilli PUA anbarı, Odessada isə hərbi təyinatlı yüklərin saxlanması və paylanması üçün istifadə olunduğu qeyd edilən "Mirs" logistika mərkəzi hədəfə alınıb.
Həmçinin Zaporojye şəhərində Dnepr çayı üzərində yerləşən və Donbasdakı döyüş zonasına hərbi yüklərin daşındığı "Preobrajenski" avtomobil-dəmiryol körpüsünə zərbə endirildiyi açıqlanıb. Qara dəniz akvatoriyasında, Odessadan 93 kilometr cənub-qərbdə isə Ukrayna ordusu üçün ikili təyinatlı yüklər daşıdığı bildirilən quru yük gəmisi vurulub.